Məqsədə nail olmaq üçün həyat səhnəsində hamımız beləyik, qabiliyyətimiz çatdığı qədər əlimizdən gələni əsirgəmirik. Belə hallarda adam onun haqqında nə deyiləcəyini və nə düşünüləcəyini unudur, heç nəyə əhəmiyyət vermir.
Əbəs yerə demirlər ki, insanın gözü doyan deyil, ağzına barmaq salsan, bütöv bədəni udar. İnsanı hər şeyə qane olan heyvanlardan onun böyük istedadı və bir də acgözlüyü ayırır.
Bir şeyi həddindən çox istəmək o qədər də yaxşı iş deyil, belə etdikdə, bəzən, səadət adamdan üz döndərə bilər. Arzu yaxşı şeydir, lakin onun da həddi-hüdudu var. Allahı da təngə gətirmək olmaz.