Topal Teymur və İldırım Bəyazid arasında gedən mübarizə, həmin dövrün tarixi hadisələri Hüseyn Cavid qələmindən süzülərək "Topal Teymur" dramında öz əksini tapmışdır. Əsər həm tarixin bədii əksi, həm də baş vermiş hadisələrə, tarixi səhvlərə müəllif münasibəti baxımından, xüsusilə, dəyərlidir. Obrazları təhlil etmiş olsam, şair obrazı məndə xüsusi maraq və sevgi doğurdu. Əsərdəki şair, sanki, müəllifin özüdür, onun baş verən hadisələrə münasibətini əks etdirir, qardaş qanı tökülməsini qəti şəkildə qınayır. Həmçinin müəllif ədaləti, xalqın xoş güzəran sürməsinin təmin olunmasını dövləti idarə edən şəxslərin qarşısında bir vəzifə kimi qoyur. Əsərin sonluğu, şair arzusu isə bütün dövrlər, bütün dövlətlər üçün aktualdır. Dünyanın qana boyandığı, siyasət, hakimiyyət naminə insanların insan qanı içdiyi bir zamanda bu cümlələr insanı öz kimliyini düşünməyə vadar edir:
" Məhəbbət! Məhəbbət!...Əvət bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, kainata nifrətlər olsun". Məhz bu cümlələr "Mənim tanrım gözəllikdir, sevgidir!" deyən Hüseyn Cavidə vurğunluğumu daha da artırdı.♡