Qəlbimin dərinliklərində bu qarayanız oğlana bir şəfqət hissinin baş qaldırdığını duyuram. Bəlkə,elə sevgi bu nöqtədən başlayır? Bilmirəm. Mən bu dəqiqə üzmək bilmədiyim halda suda boğulanı xilas etmək özünü çaya atmaq istəyən adama oxşayıram.
Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır ,amma yaratdığı qalır. Yaxşısı da, pisi də...
Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var-ürəklərin,ağrıların mənəvi qidası olur, əl-əl gəzir,öləndə də əldə ölür,oxucu əlində. Fərli övlad kimi müəllifin adını uca eləyir.
Bədbəxt doğulanı var-şikəst olur,uzağa gedə bilmir,kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır,fərsiz övlad təki müəllifin başını aşağı,gözünü kölgəli eləyir.
Kitab da var,atasının ölümündən sonra dünyaya gələn uşağa bənzəyir.