"Yad dildə" romanı son illər oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin "İlin romanı" nominasiyasının qalibidir; "Kultaz" və "MKM" ədəbi portallarında oxucular arasında keçirilən səsvermədə "Ən yaxşı əsər" nominasiyasında ən çox səs toplayıb. "Yad dildə" kitabı satış reytinqinə görə də "Ən yeni ədəbiyyat" seriyasından olan kitablar arasında birinci yerdədir. Nəhayət, bu roman Azərbaycan ədəbi mühitində hazırda ən ali mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin qalibidir. "Yad dildə" əsərinin ədəbi aləmdə və oxucular arasında bu qədər qəbul olunmasının və sevilməsinin səbəbi nədir? Roman – ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi, fəlsəfi-ürfani baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-biri ilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəbi həllini tapmağı bacarıb və son illər Azərbaycan ədəbiyyatında romançılıq mərhələsinin mahiyyət etibarilə yeni səhifəsini açıb. Roman ədəbi hazırlığı olan oxucular üçün nəzərdə tutulub".