NÜSRƏT KƏSƏMƏNLİ - MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI...
Mən səni unuda bilmirəm, axı,
Unutsam nələri unudam gərək.
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək!
Dənizi unudum, ya dalğaları?
Xatirən yadımdan çıxaydı barı,
Payızda xəzanı, qışdasa qarı,
Baharda gülləri unudam gərək!
De, necə unudum mən səni, necə?
Sevgi durna deyil payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları, illəri unudam gərək!
Sənin xəyalındır həsrətlə baxan,
Adındır hər saat qarşıma çıxan,
Qarışıb şəklinə gözümdən axan,
Yağışı, selləri unudam gərək!
Sinəmdə peşiman ürəyim qaldı,
Uçdun əllərimdə lələyin qaldı,
Nələri itirib, bax nəyim qaldı,
Nələri, nələri unudam gərək!