"İnsanları uğursuzluğa sürükləyən səbəblərin başında determinist düşüncə tərzi gəlir. Yəni bəzilərinə görə, bütün müqəddərat əvvəlcədən müəyyən qüvvələr və təsirlər - tale, tanrılar, bürclər, genetik miras, ailə və yaşayış mühiti, dəyişməyən xarakter, hansısa gizli dairələrin məkrli oyunları və s. tərəfindən təyin olunub. Bu düşüncə tərzinə görə olacaqlar onsuz da olacaq, onları dəyişmək mümkün deyil və buna görə də çox əlləşməyə, vuruşmağa dəyməz. Əlbəttə ki, həyatımızı təsir altına alan kənar səbəblər az deyil, ancaq bütün bunlar lap əvvəldən təslim olmağa əsas vermir. Bu məntiqlə gedəsi olsaq, öləcəyimizi bildiyimiz halda yaşamaq və ya acacağımızı bildiyimiz halda qidalanmaq mənasız olardı. Unutmayaq ki, Yaradan bizə İRADƏ kimi böyük qabiliyyət bəxş edib və SEÇİM azadlığı verib. Bu günümüzü dünən etdiklərimizə və ya etmədiklərimizə "borclu" olduğumuz kimi, gələcək də bugünkü səylərimizin məcmusu olacaq. Qısası, insanın həyat gəmisinin sükanında özü olmalıdır, hansısa kənar təsirlər deyil. Əgər sükanda insan özüdürsə, deməli, o, güclü insandır."