Xamırın mayası artıq olanda
Qıcqırıb çörəyi acıtdığıtək,
İnsanda bir cəhət həddi keçəndə
Onun xoş rəftarı ikrah doğurur.
Bir sözlə, dediyim budur ki mənim:
İnsan necə gözəl, təmiz olsa da,
Saya gəlməsə də xeyirxahlığı,
İstər təbiətin, istər taleyin,
İstərsə özünün qüsuru olsun,
Alnına vurulmuş bir damğa varsa,
Hamının gözündə bir heçdir ancaq.
Sirrini heç kimə açıb söyləmə,
Heç vaxt düşünmədən görmə bir işi.
Sadə, mehriban ol, ancaq heç vədə
İnanıb hamıyla yaxınlıq etmə.
Sınanmış, vəfalı dostlarını sən
Polad tellər ilə qəlbinə bağla
Hər nadan tanışla, dönük yoldaşla
Görüşüb əlini qabar eyləmə.
Dalaşmaqdan çəkin, dalaşsan əgər
Möhkəm dur, rəqibin səndən çəkinsin.
Çox eşit, çox dinlə, fəqət az danış.
Hamının birbəbir öyrən fikrini,
Lakin öz fikrini gizlə hamıdan.
Pul kisənə görə sən geyin-keçin,
Fəqət təmtərağa, dəblərə uyma.
Çox vaxt paltarıyla tanınır insan.
Fransada isə nəcib kübarlar
Bu işdə olduqca tələbkardırlar.
Nə borc al, nə borc ver; çünki borc versək,
Həm pulu, həm dostu itirərik biz.
Borc alsaq, heç olar qənaətimiz.
Özünə sadiq ol hər şeydən əvvəl, –
Gecənin dalınca gələn gündüztək
O zaman hamıya sadiq olarsan.