"Yaşamaq yanğısı", oxuduğum hər sətirlə gözləntimin bir pillə daha üstünə çıxmağı bacaran bir əsər.. Bir insanın həyat yolu, bəlkə də, ancaq bu qədər mükəmməl, dolğun, bənzərsiz bir şəkildə təsvir oluna bilərdi. Cümləbəcümlə irəlilədikcə Vinsentin hisslərinə şərik olmağı bacarmaq, daxili əzablarını, düşüncə dənizində çırpınışlarını, ən sonda isə dalğaların ağuşuna təslim olmasını ürək ağrısı ilə hiss etmək üçün o qədər incə, o qədər ustalıqla işlənmiş məqamlar var ki.. Yazıçının əsəri ərsəyə gətirməkdə ortaya qoyduğu əməyinin, Vinsentin tabloları üzərindəki əməyi ilə müqayisə edilə biləcək səviyyədə olduğunu düşünürəm. Vinsentin fırçası gördüklərini necə dolğun və canlı çəkməyi bacarırdısa, yazıçının qələmi də hər şeyi ən az o qədər canlı, ifadəli, təsirli təsvir eləməyi bacarmışdı.. Bənzətmələr o qədər çox və uğurlu idi ki, oxuduqlarım ən az Vinsentin yağlı boyasının kətan üzərində yayılması kimi, yağ kimi ürəyimə yayılırdı..
Bir tablonun necə, hansı şəraitdə əsasının qoyulduğunu, nəzərəçarpan hər detalının sözlü təsvirini oxuduqdan sonra, həmin əsərin ustadın tək fırçalar və rənglərlə deyil, həmçinin, əllərinin qəlbindən qopub gələn bir güclə incə və ya sərt bir hərəkətilə ortaya çıxardığı o valehedici görüntüsünü tapıb, incələyib, tamaşa etməyin verdiyi zövq əvəzolunmaz idi.
Sonda, bunu deməsəm ona haqsızlıq edəcəyimi düşündüyüm üçün: Teo, sən onun başına gəlmiş ən gözəl şeysən.