Aslanov Aslan Məhəmməd oğlu (20 avqust 1926 – 23 avqust 1995) — fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977), Azərbaycan Elmlər Akademiyasının vitse-pezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1988-1995).
Aslan Aslanov 1926-ci ildə Qazax rayonunda anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından 1 il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinfdə müəllim işləmişdir. Sonra Bakıya getmiş və 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə ixtisası üzrə bitirmişdir.
Fəaliyyəti
Aslan Məmməd oğlu Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə elmlər doktoru elmi dərəcəsini almış, 1976-cı ildə isə professor elmi adma layiq görülmüşdür.
A.Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olmuşdur.
A.Aslanov 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1987-ci ilin martında Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan A.Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.
AAslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. 0, Aristotelin "Poetika"sını və Didronun "Qardaşım oğlu Ramo" əsərini, C.Bayronun "Gavur", A-Tvardovskinin "Vasili Tyorkin” poemalarını Azərbaycan dilinə tərcümə etmişdir. "Səni düşünürəm" (1957), "Qızlar və bənövşələr” (1961), "Nəğməli günlərim" (1985) şeir kitablarının müəllifidir.
A.Aslanov 1968-ci ildə İsveçdə keçirilən Estetika üzrə VI Beynəlxalq Konqresin iştirakçısı olmuşdur. Bundan başqa, 1970-ci ildə Berlində keçirilmiş VII Beynəlxalq Hegel yubiley Konqresində və 1972-ci ildə Buxarestdə Estetika üzrə VIII Beynəlxalq Konqresdə çox maraqlı məruzələrlə çıxış etmişdir. A.Aslanovun elmi kadrların hazırlanmasında da böyük xidmətləri olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.