36 okunma, 3 beğeni - Avi kitapları, eserleri, Avi kimdir, öz geçmişi, Avi nereli gibi bilgiler, kitap incelemeleri ile yorumları, Avi sözleri ve alıntıları detaylı profili ile 1000Kitap'ta.
Beləliklə bizim yaşayışımız heç vaxt dəyişmirdi, sadəcə uzaq göylərin ulduzlu qübbəsi altında diyirlənən illərin axarıyla gedirdi. Zaman bizi buğda dənələri kimi toza çevirən böyük bir dəyirman daşı idi. Müqəddəs Kilsə günlərin, illərin və gündəlik ağır zəhmətimizin axarında harada olduğumuzu bizə deyirdi. Həyatımıza dəyişiklik gətirən yeganə şeylər doğum və ölüm idi, çünki dünyaya gəldiyimiz qaranlıqdan Qiyamət gününü gözləməyə məhkum olduğumuz qaranlığa gedən səyyahlar idik. Sonra Allahın dəhşətli baxışları bizə zillənəcək, ya bizi cənnət həzzinə qaldıracaq, ya da cəhənnəmin əbədi alovlarına atacaqdı.
Sürdüyümüz həyat bu idi. Heç bir şübhə yox idi ki, mənim əcdadlarım da, Adəmdən bu yana bütün kişi və qadınlar da belə yaşamışdı. Mən bütün qəlbimlə inanırdım ki, Cəbrayıl dünyanın sonunu elan edənə qədər biz belə yaşamaqda davam edəcəyik. Və anamın ölməsi ilə sanki bu vaxt gəlib çatmışdı.
Tövbələrimin birində Qvinel atadan:
- Onlar mənə niyə belə rişxənd edirlər,- soruşdum. Bu tövbələr saysız-hesabsız idi. Çünki hansısa bir günahla doğulmuş olduğuma inanır və var qüvvəmlə bu günahdan azad olmağa çalışırdım. Rahibin məsləhəti "Döz" olurdu. "Cənabımız müqəddəs İsa çarmıxda olan zaman ona necə rişxənd etdiklərini düşün" Mən həqiqətən həyatımı olduğu kimi qəbul etməyə çalışırdım, lakin İsa peyğəmbərdən fərqli olaraq daim hücum və ya rişxənd gözləyən qelbim ehtiyat və şübhə hisslərilə dolu idi. Qısası mən çəkingən, məzlum, lakin daim başqalarının necə yaşadığına maraq göstərən bir həyat yaşayırdım.