Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit, aram-aram
Yağış yağar yer doymaz
Mən də səndən doymaram.
Gözüm gözündən doymaz
Qulağım səsindən,
Sinəm nəfəsindən.
Deyirlər, ən ülvi sevgi
Səssiz, sözsüz məhəbbətdir.
Axı dilə-ağıza salmaz
Sevən sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə,
Sevirəm səni.
İstəmirəm
Şıdırğı yağış kimi,
Selə suya dönəsən...
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən...
Mən də
Nə yağışına islana bilim,
Nə də oduna yana bilim.
Neyləyirik nağıl olub,
Dillərə düşən şöhrəti?
Nə edirik dağ çayına dönən məhəbbəti?
Yamacda hay qopara,
Səhrada nə səsi, nə izi qala.
Ürəyə hopmaya,
Hər yanda sözü qala.
Sayfa 187 - “Yağış yağar yer doymaz…”