Heyran xanım XVIII əsrin sonlarında Dünbuli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir.
Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır. Əsərlərinin 3 əlyazması (Bakı, Tehran və Tbilisi nüsxələri) məlumdur; bunlardan ən mükəmməli şairənin sifarişi ilə yazılmış Bakı nüsxəsidir. Həmin nüsxə Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda saxlanılır