Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olmuşdur.Mənşəcə kürddür.1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmişdir.
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur.
1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirmişdir. 1933–1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935–1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937–1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmışdır.
1942–1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləmişdir. 1945–1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır.
1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954-cü ilin yanvarında M. F. Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır.
Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.