Bir saat sonra Lambezdə cır-cındır içində bir adam gördüm, böyük ehtimalla səfil idi və mənə tərəf gəlirdi. Bir də gördüm ki, bu elə mənəm, qarşıdakı aynadan özümü görürəm. Artıq üz-gözüm də çirk içində idi. Çirk kimə bulaşacağını çox yaxşı bilir. Yaxşı geyinmisənsə səndən uzaq durur, amma elə ki pis geyindin, sanki hər tərəfin kiri üstünə yapışır.
Varlı və kasıb arasındakı tək fərq sahib olduğu puldur və hər hansı bir milyonçu əslində təzə və dəbdəbəli kostyum geyinmiş adi qabyuyandan başqa bir şey deyil. Bir anlıq bunların yerini dəyişin, budur, indi hansı mədəni, hansı oğru oldu?
Cılız atlar əldən düşmüş və ölüvay olurlar. Bir-iki il ömürləri qaldığı üçün də, onları çox ucuz qiymətə almaq olar. Sahibi də yemək əvəzinə qamçıdan istifadə edirlər. Boyunları yara tutur, çünki arabanı demək olar ki, heçnəsiz çəkirlər. Amma yenə də onları işlətmək olur, əsas məsələ qamçının ağrısının boyunlarındakı ağrıdan daha güclü olmasıdır. Bir neçə il sonra qamçı belə atları hərəkətə gətirə bilmir və bu halda onları kəsib ətini satmaqdan başqa çarə qalmır.