İnsanlıq ümumilikdə eyni cür yaşayır, eyni cür ömür sürür, eyni qaydalara əməl edir. Və bu eyniliyin içində kimsə ayrı cürdürsə, ayrı cür yaşayır və davranırsa tez diqqət çəkir, təklənir, tənqid olunur. Ancaq azad insanı, ruhuna, ürəyinə, özünə sayğısı olan insanı bütün bu təpkilər, anlaşılmamaq qorxutmur. Çünki öz gerçəkləri, öz doğruları ilə əslində hamıdan xoşbəxt və azaddı.
Sevənlər yalan danışmırlar. Onlar həmin an üçün gerçəkdən də böyük hisslər keçirirlər. Həmin an sevirlər və sevdikləri insan onlar üçün hər şeydən önəmli, əvəzsiz olur.
Bir-birinə "mən sənsiz yaşaya bilmərəm" deyirlər. Gerçəkdən də həmin an bu cür hiss edirlər, yaşadıqlarını dilə gətirirlər. Amma onlar həyatın təbiətini bilmirlər hələ. Bilmirlər ki, zamanla hər şey dəyişir. Bəyəndikləri bu adam, bu qadın getdikcə dəyişir, başqa cür olur, kökdən və formadan düşür. Və ola bilir ki, indi dəlicəsinə sevdiyin, vurulduğun adamı illər sonra eyni tutquyla sevmirsən. İllər keçir və insanlar başa düşürlər ki, tələyə düşüblər. Onlar artıq bir-biri haqda hər şeyi bilirlər. İndi bildikləri əvvəllər sirli, bilinməz bir sahəydi. Artıq öyrəniləcək heç nə qalmayıb, bütün maraq itib, eyni sözlər, eyni hərəkətlər itələyici effektlər yaradır.
Öz təkliyindən zövq almayan adam heç vaxt kimlik(şəxsiyyət) ola bilməz. Təklikdə xoşbəxt olmağı bacarmayan, xoşbəxt olmaq üçün başqalarına gərək duyan adam kölədi, quldu. İnsan o zaman bütün, tam bir varlıq sayılır ki, təkliyindən ləzzət ala bilir. Sən özünlə darıxmırsansa, özünlə sənə maraqlıdısa kiminləsə münasibət qurmağa can atmayacaqsan.