Bu aralar içimdə elə bir boşluq var ki, nə ad qoya bilirəm, nə də kiməsə danışa bilirəm. Dərdimi izah etməyə çalışıram, amma sözlər boğazımda ilişib qalır. İçim daralır, nəfəs alıram, amma sanki hava çatmır. Haraya gedirəmsə gedim, kimlə otururamsa oturum, yenə də həmin hiss mənimlə gəlir.
Ən çox da itirdiyim insanın yoxluğu yorur məni. Vaxt keçir deyirlər, amma bəzi itkilərin vaxtı olmurmuş. Bəzən bir anlıq yadıma düşür, sonra bütün gün beynimdən çıxmır. Elə bil həyat davam edir, amma mən olduğum yerdə qalmışam.
Ətrafıma baxıram, hamı nəyəsə çatmağa çalışır, nəyinsə arxasınca qaçır. Mən isə nə axtardığımı belə bilmirəm. Bir vaxtlar gələcəklə bağlı xəyallarım vardı, indi sabahı düşünmək belə yorur məni.
Telefonum səssizdir. Kimsədən şikayətim yoxdur, amma bəzən sadəcə bir nəfərin "Necəsən?" deməsinə ehtiyac duyuram. O qədər vaxtdır bu sözü səmimi şəkildə eşitməmişəm ki, özüm özümə yaxşı olduğumu deyirəm. Amma yaxşıyam, yoxsa sadəcə öyrəşmişəm, onu da bilmirəm.
Ölmək istədiyimdən deyil. Yaşamaqdan da danışa bilmirəm. Sadəcə elə bir nöqtədəyəm ki, nə hiss etdiyimi, nə düşündüyümü anlaya bilirəm. Bu soyuq havada tək oturub uzaqlara baxıram. Fikirləşirəm, amma nə haqqında fikirləşdiyimi özüm də bilmirəm.
Bəlkə də insanın içindəki ən böyük yorğunluq işləməkdən, qaçmaqdan, mübarizə aparmaqdan deyil. Heç kimə hiss etdiklərini deyə bilməməkdən olur. Və bəzən insan ən çox da sevdiyini itirdiyi gündə yox, ondan sonra keçən bütün günlərdə yorulur...