"Traduttore traditore! - "Tərcüməçiyə güvən olmaz!" - deyər italyanlar. Haqsız da deyillər! Əsəri başqa dilə çevirməklə tərcüməçi, oxucuyla, əsər və yazıçının arasına girmiş olur. Sanki baxmaq üçün yeni eynək verir. Tərcümə nə qədər dürüst edilərsə edilsin, nə qədər uğurlu alınarsa alınsın, oxucuya yenə də əsərin süzgəcdən keçirilmiş şəklilə təqdim olunur. Mükəmməl tərcümə mümkün deyil, çünki əsərin orijinalının yerini vermir. Tərcümə istər-istəməz əsərin anlayışını məhdudlaşdırır.
Amma bu da var ki, əsəri sözün həqiqi mənasında diqqətlə, bütün ciddiyyəti ilə, heç nəyi qaçırmadan oxuyanlar da elə tərcüməçilərdir. Bəzən oxucuların tələm-tələsik, anlar kimi, gündəlik qayğılarının yüklənməsiylə və dünyagörüşlərinə uyğun, çiynəmədən udduğu sözləri, cümlələri tərcüməçi uzun saatlar, günlər sərf edərək nəinki oxuyur, həm də araşdırır, yoğurur, yenidən uyğun gördüyü kəlmələrlə yazır.
Müasir Azərbaycan ədəbiyyatını, mədəniyyətini zənginləşdirməkdə tərcümənin rolu vacibdir. Tərcüməçilərin əsas məqsədi, ilk növbədə elə əsərlərin seçilməsi olmalıdır ki, ədəbiyyatımız bundan nəsə qazansın, ədəbiyyatların, mədəniyyətlərin qarşılıqlı təsiri baxımından əhəmiyyət kəsb etsin. Rumıniya yazıçısı Eudjen Ovidiu Çiroviçinin "Güzgülər kitabı" romanını bu kriteriyalar əsasında seçdik.
Çiroviçi (Kiroviç) 11 may, 1964-cü ildə Rumıniyanın Feqeraş şəhərində anadan olub. 1988-ci ildə Buxarest İqtisadi Elmləri Akademiyasını bitirib, bir müddət doğma şəhərində iqtisadçı işləyib. Sonra "Milli kuryer" jurnalında maliyyə müxbiri vəzifəsində çalışıb. 1990-cı illərdə rumın radiostansiyaları olan "BBC Rumıniya" və "Radio Azad Avropa"da, 2000-2002-ci illərdə televiziyada işləyib.
2000-ci illərin başlanğıcında Kiroviç əvvəlcə Rumıniyanın baş nazirinin məsləhətçisi, sonra Rumıniya Milli Bankı rəhbərinin