Rövşən Abdullaoğlu - "Üzləşmə"
Rövşən Abdullaoğlu yaradıcılığına bələdliyim mənə hər dəfə yeni bir fəlsəfi qapı açır. Müəllifin daha əvvəl oxuduğum 'Bu Şəhərdə Kimsə Yoxdur' və 'Relslər Üzərində Uzanmış Adam' əsərləri kimi, əlimdəki üçüncü kitabı — 'Üzləşmə' də ilk səhifələrindən öz dərin məna yükü və psixoloji qatları ilə seçilir.
Bu əsəri digər romanlardan fərqləndirən və onun süjet xəttini unikal edən əsas cəhət odur ki, kitabda klassik mənada heç bir qəhrəman yoxdur. Müəllif elə bir mühit və elə bir hadisələr zənciri qurub ki, kitabın baş qəhrəmanı elə biz özümüzük. Oxucu sadəcə bir hekayəni kənardan izləmir, hadisələrin tam mərkəzinə atılır.
Əsərdəki əsas konflikt iki personaj arasında deyil, insanın öz keçmişi, qorxuları, peşmanlıqları və maskaları arasındadır. Süjet irəlilədikcə bu qarşıdurma daha da kəskinləşir. Süjetin ən pik nöqtəsi insanın güzgüdə öz həqiqi simasını görməyə məcbur qaldığı andır. Müəllif hadisələri elə idarə edir ki, qaçmağa heç bir gizli qapı qalmır. Çünki həyatımızın müxtəlif dönəmlərində, müxtəlif situasiyalarında qarşılaşdığımız hadisələr bizi individual olaraq həm özümüzü tapmağa, həm də baş verənlərə adekvat cavab verməyə məcbur qoyur.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, əsərin gücü yalnız onun fəlsəfi fəhmində deyil, həm də metodologiyasındadır. Müəllifin fərqli sitatlarla zənginləşdirdiyi, hər paraqrafın sonunda bizə ünvanladığı suallar və işləməli olduğumuz cədvəllər əsərin nəzəri biliklərini təcrübəyə çevirir. Bu interaktiv bələdçi hər birimizin öz daxili dünyası ilə üzləşməsində əvəzedilməz bir rol oynayır.