«Biz qaşqın deyilik, məcburi köşkünük. Qaşqın Ermənistandan gələnlərə deyillər».
«Bunun fərqi var ki?»
«Var, var. Yardımda-zadda fərq qoyullar. Onlara güzəştlər lap çoxdu».
Nəsrəddin Tusi adına Pedoqoji Universitetin filologiya fakültəsinə qəbul olunmuşdum. Topladğım bal da yadımdadı: 310. Soruşan olanda bir az çox deyirdim. Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş. Məndən artıq evdəkilər sevinir, kasıb süfrəmizin üstündə Allaha şükür yerinə mərhum Elçibəyə dualar oxunurdu. Ən çox ali təhsil diplomum üçün Gəncədə üzünə 40 min manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin…»