Bəzi insanların yoxluğu onların dəyərini artırar. Yanında ikən anlamazsan əhəmiyyətini, yoxluğunda başa düşürsən sənin üçün nələr etdiyini. Gec anlayarsan onlara nə qədər ehtiyac duyduğunu.
Bir qadının gözəl olduğunu nəyə əsasən bilə bilərdik? Gözəlliyi harda axtarmalıydıq? Açıq-saçıq geyindiyi paltarlarda, çılpaq bədənlərində, yoxsa qadını qadın edən incə davranışlarında? Danışdığı, güldüyü zamankı şıltaqlığında, yoxsa susarkən ağır sükunətində? Gülüşündənmi duymalıydıq nə qədər xoşbəxt olduğunu, yoxsa ürəyindəki yaralara toxunaraqmı anlamalıydıq?
Bəzən özüm də çaşıb qalıram ki, əllərim sənin əllərinə, yoxsa silaha daha gözəl yaraşır. Halbuki, sonuncu görüşümüzdə sənə demişdim ki, əllərim sənin əllərindən başqasına yaraşmaz.
Ən çox qoxun üçün darıxmışam. Məni məndə alıb göylərə yüksəldən qoxun üçün. Bax görürsənmi, yenə göylərə uçmaqdan danışıram. Mən sənsiz uçmağı neynirəm?
İndi buralarda sənin ətrin əvəzinə barıt qoxusunu iyləməyə məcburam. Hər tərəfdə bu iy gəlir burnuma. Deyəsən, artıq sənin qoxunu belə unutmuşam. Bağışla məni...
Kitabın bir parçasıyıqsa niyə yazılmışıq? Kimlərəsə dərs olmaq üçünmü, ya sadəcə oxunulmaq xətrinə bu qədər çətin, bəzən kədərli, bəzən sevincli, bəzən əyləncəli hadislərlə üzləşirdik? Yazılmış taleyə uyğun öz rolumuzu oynamalıydıq. Nə qədər çətin və maraqlı ssenari ilə üzləşiriksə, o qədər maraqlı hesab edirik həyatımızı. Həyatsa sadəcə yazılmış ssenari və qarşımıza çıxan obrazlar toplusudur.