"Aranızda ən azad yaşayanların azadlıqlarını bir boyunduruq və bir qandal kimi daşıdıqlarını gördüm.
Və qəlbim qanadı; çünki, ancaq azadlıq axtarışında hiss etdiyiniz dərin arzu sizi tərk etdikdə və azadlıq haqqında axtarılan va tapılan şey kimi danışmadıqda, gerçəkdən azad ola bilərsiniz"
Sonra bir qadın dedi:"Bizə Sevinc və Kədər haqqında danış"
Və o cavab verdi:
"Sevinciniz,kədərinizin maskasız halıdır. Qəhqəhənizin yüksəldiyi eyni quyu,tez-tez göz yaşlarınızla dolar.
Məgər başqa cür mümkündürmü?
Kədərin içinizdə qazdığı quyu nə qədər dərindirsə,bir o qədər dərinliyə sevinc dolar.
Ruhunuzu oxşayan ud məgər bıçaqla ağacdan yonulmamışdırmı?
Sevinəndə qəlbinizin dərinliyinə enin.
Görəcəksiniz ki,sizə bu sevinci verən,daha öncə üzülmənizə səbəb olmuşdur.
Kədərləndikdə yenə qəlbinizə dönün.
Görəcəksiniz ki,daha öncə sevinciniz olan bir şey üçün ağlayırsınız.
Bəziləriniz "Sevinc kədərdən güclüdür" deyir;digərləri isə "Yox,kədər daha güclüdür".
Mənsə onları ayırmaq olmaz deyirəm.
Onlar birlikdə gəlirlər.Biri sizinlə masa arxasında oturarkən, unutmayın ki,o biri yatağınızda yuxuya gedibdir."