- Maraqlıdır... Çox maraqlıdır... Lütfən söyləyin görüm, Siz vətəndaşlıq
borcunu nədə görürsünüz'?
- Öz millətimin və vətənimin şərəfini ucaltmaqda. Zənnimcə, hər bir
namuslu vətəndaş çalışmalıdır ki, öz hərəkətləri ilə mənsub olduğu xalqın
yaxşı keyfiyyətlərini nümayiş etdirsin. Bəzən bir adamın timsalında bütün
xalq haqqında təsəvvür yaranır.
- Sən millətə kömək üçün hansı yolu əsas götürürsən?
- Maarifi. Əvvəlcə buradan başlamaq lazımdır. Elmi, mədəniyyəti
artırmaq lazımdır. Hər millətin özünün düşünən beyni olmalıdır. Elə adamı
olmalıdır ki, millətin sabahını görə bilsin. Millətinə başçılıq etməyi
bacarsın, onu zamanın dolaşıq və çalpaşıq yollarından salamat çıxartmağı
bacarsın.
"Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub hürkürlər?
Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün
isanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu
ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı
nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən
bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir
kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox
böyükdür.