GÖRÜM
Üzünü üzümə uzaq tutmusan,
Görüm, üzün üzə üz ilə gülsün....
Gözünü gözümə duzaq qurmusan,
Görüm, gözün gözə naz ilə gülsün....
Yaradan yadını yad tutub mənə,
Yadım heç, yadını yad tutub mənə,
Doğmam, doğmalığın yad tutub mənə,
Görüm, gül cəmalın nur ilə gülsün....
Zaur zəvvarlıqdan qalıb kənarda,
Həcərül Əsvədim, Zəm-zəm iraqda,
İhramım bükülü qalıb qıraqda,
Görüm, arzuların üzünə gülsün....
17-24.05.2015. Bakı.
Gülsün
Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün...
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün...
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün...
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün...
22.05.2015. Bakı.
DOSTUM
Dostum, haqq yoluna qayıt indidən,
Sonra əməlindən olma peşiman.
Gördüyün işlərə, dediyin sözə
Bir gün, sorğu-sual olacaq inan!
Yaşama, dünyanı hədər yerə, sən!
Sabahkı gün üçün yaşa bugündən,
Nəfsin güdazına vermə ömrünü,
Sabahkı yaşayış doğur bu, gündən!
Xülyalar yolunda olma canfəşan,
Arzu, istəyini inam üstə qur!
Bugün elə yaşa, elə iş gör ki,
Peşiman olma, çalınanda “sur”!
06.10.1996. Bakı.