Bu fikri İvan İliç əvvəllər heç yaxına belə buraxmırdı; indi isə, doğrudanmı o bütün ömrünü lazım olduğu kimi yaşamayıb? Ağlına bir də bu gəldi ki, bir vaxtlar, qəlbində ondan çox-çox yüksəkdə duranlar tərəfindən bəyənilən, təqdir olunan şeylərə qarşı mübarizə aparmaq meyllərini dərhal özündən kənara qoyurdu, - bəlkə elə əsl həyat həmin niyyətlərlə yaşamaq imiş, qalanları boş şeymiş? Qulluğu da, güzəranı da, ailəsi də, cəmiyyətin və daşıdığı vəzifənin mənafeyi də – bütün bunlar əsl həyat deyilmiş bəlkə? Özü-öz qarşısında bunları müdafiə eləməyə cəhd göstərdi. Və birdən müdafiə eləmək istədiklərinin bütün zəifliyini duydu, gördü. Müdafiə olunmalı bir şey yox idi.
İvan İliç bu neçə vaxtda adət elədiyi ölüm qorxusunu axtarırdı, tapa bilmədi. Haradadır o? Ölüm necə olur? Heç bir qorxu yox idi, çünki ölüm də yox idi.
Doktor deyirdi ki, onun fiziki iztirabları dəhşətlidir, bu doğruydu; amma mənəvi iztirabları bundan da dəhşətliydi və İvan İliçə əzab verən də, əsasən elə bu idi.