Günəş batmışdı, ulduzlar da yox idi. Bu gün nədənsə ay da parıldamırdı. Sadəcə uzaqdan binaların pəncərələrindən görsənən işıqlar var idi. Soyuqdan əllərimi cibimə salmışdım. Nələrisə küləyə pıçıldayırdım. Qəlbimi ağırlaşdıran bu kəlimələri küləyə deyib onu uzaqlara aparmağını istəyirdim. Küləksə ruhuma çökən bu hüznü götürüb daha sərt bir şəkildə mənə vururdu. Bir anlıq yarpaq olmaq , küləyin axınına düşüb hava da süzülmek istədim.
Evə gəldim, artıq gecə iki idi saat. Bir çay süzdüm pəncərəyə yaxınlaşdım. Kulək pəncərəyə özünü vurur sanki "məndən qaça bilməzsən, səni tutacam" demək istəyirdi. İnsanın sığınacaq bir yerinin olması necə də gozəl bir şey imiş deyə öz özümə düşündüm. Sonra isə Səmaya baxıb sonsuz kainatın ən dərinliklərini görməyə çalışdım. Ancaq bu da insanların qəlbini gorməyə bənzəyirdi.
Çayımdan ilk qurtumu alanda çox fikrə getdiyimi anladım, artıq buz kimi olmuşdu. Çayımı içmədən yerimə girdim ancaq heç yuxum yox idi. Nədənsə bütün fikirlər üstümə gəlirdi, sanki, bir küncə sıxışdırmışdılar məni.