”Aktrisa” romanı İlqar Fəhminin qələmindən oxuduğum ilk əsərdir. Bu roman İlqar Fəhminin ən çox tanınan əsərlərindən biridir. Əsər iki hissədən ibarətdir: ”Üçbucaq” və ”Gündəlik”.
Oxuyucular olaraq biz birinci hissədə aparılan istintaq proseslərini oxuyuruq. İkinci hissədə isə biz hadisələrin nə səbəbdən baş verdiyini öyrənirik.
Mənim üçün romanın ikinci hissəsini oxumaq daha maraqlı idi.
Roman "VEF-Bank"ın prezidenti Vaqif Eyvaz oğlu Fətəliyevin qətlinin araşdırılması ilə başlayır. Hadisəni araşdıran müstəntiq Eldar Əfəndiyev, Vaqif Fətəliyevin qətlinin ardından iki cinayət hadisəsi ilə daha üz-üzə qalır. Yəqin ki, birinci hissənin ”Üçbucaq” adlandırılmasının səbəbi də baş verən bu üç cinayətin bir-biri ilə bağlı olmasıdır.
Lalə, Vaqif Fətəliyev tərəfindən səhnədən ”oğurlanmış” istedadlı bir aktrisadır. O, o qədər istedadlıdır ki, oynadığı rolu ilə yazıçı Rüfət Hüseynzadəni qatilə belə çevirir. Lalənin özünə məxsus gözəlliyi və davranışları yazıçının diqqətini o qədər cəlb edir ki, o, öz hisslərini cilovlaya bilmir. Lalə “üzdə xoşbəxt gorünən, amma daxildə bədbəxt olan” bir qadın obrazı yaradaraq Rüfəti ovsunlayır. Rüfət Laləni hörümçəyin çənginə düşmüş bir kəpənək olaraq görməyə başlayır və onu xilas etmək istəyəndə özü də bilmədən qurbana çevrilir. Lalənin cazibəsinə qapılan Rüfət, onun əsiri olur. Əvvəlcə Vaqifi sonra isə Laləni öldürərək, öz həyatına da son qoyur. Təsirləndirici tərəfi isə ondadır ki, yazıçı qatil olduğunu Lalə ilə üz-üzə gəldikdən sonra başa düşür. Lalə isə can verərkən belə özünü səhnədə hiss edir və ölümünə gülümsəyir.
__ “O, elə indi də özünü teatrda hiss edirdi və rol aldığı tamaşada öz ölüm səhnəsini yaradırdı. Yəqin əmindir ki, gözlərini yumacaq və gurultulu alqış sədaları altında yenidən gözlərini açıb ayağa