Elməddin istəyirdi ki, hər kəlmə başı «Əfsanə sözünü işlətsin. Bu gözəl, şairanə adı ürəyində o qədər təkrar eləmişdi ki... Təkcə ürəyində!.. Amma dili ilə demək istəyirdi. Həm də elə ki, bütün dünya bu adı eşitsin, tanısın! Lakin təəssüf ki, buna onun ixtiyari yox idi. O, hətta cib dəftərçəsinə köçürdüyü şerlərdə də «Əfsanə» sözünü işlətməkdən ehtiyat edirdi. Nə eybi, o əziz ad onun ürəyinin başına yazılmışdı, çünki Əfsanə onun həyatının yarımçıq əfsanəsi idi, şirin, nakam, sonu göz yaşları ilə bitən əfsanəsi idi!
Yaxşı ki həyatda şirın xəyal varmış, insan özü-özüylə ürəyində, səssizcə danışa bilirmiş. Yaxşı ki insanı çətin dəqiqələrdə dözümlü edən, əlindən tutub naməlum gələcəyə çəkib aparan gözəl ümidlər varmış. Yoxsa yaşamaq na qədər müşkül olardı?!