Bizə Allahın rəhmi gələcəkdir, hamıya rəhm edən Allahın rəhmi gələcəkdir, - hamıya rəhm edən Allahın rəhmi! O birdir, hökm verən də odur! Allah hamını mühakimə edib bağışlayacaq: yaxşıları da, pisləri də, aqilləri də, mütiləri də... Elə ki, hamının işinə baxıb qurtardı, onda bizə deyəcək: "Siz də yaxın gəlin! Yaxın gəlin, sərxoşlar, yaxın gəlin, zəiflər, yaxın gəlin, biabırçılar!" Biz də hamımız utanmadan yaxın gələcəyik, gəlib onun qabağında duracağıq. O deyəcək"Siz donuzsunuz! Siz vəhşi heyvan surətində, onun timsalında bir şeysiniz, amma siz də gəlin!" Onda aqillər, idraklılar söyləyəcək: "İlahi! Nə üçün bunları qəbul edirsən?" O da buyuracaq: "Aqillər, ona görə onları qəbul edirəm ki, idraklılar, ona görə onları qəbul edirəm ki, onlardan heç biri özünü bu şeyə layiq görməmişdir..." Bunu deyib öz əllərini bizə sarı uzadacaq, biz də üzü üstə düşəcəyik... ağlayacağıq... Hər şeyi başa düşəcəyik!.. Onda hər şeyi başa düşəcəyik!.. Hamı da düşəcək...