Əgər hələ yalana alışmamısınızsa,çalışın öz xeyrinizə ilk yalanı deməyin. Desəniz,dalı gələcək və yalançı olacaqsınız. Yalan da siqaret,narkotik və bəzi psixiatrik dərmanlar kimi asılılıq yaradır. Niyə "öz xeyrinizə" dedim? Çünki başqasının,xüsusilə də çətinliyə düşmüş birinin xeyrinə deyilən yalan xeyirxahlıq mahiyyəti daşıyır və ziyanlı asılılığı yoxdur.
Ah,kaş insan öləndən sonra başına nələrin gəldiyi barədə məlumatım olaydı. Kaş bunu biləydim. Bəziləri ölümdən sonra hər şeyin bitdiyini deyir,bəziləri paralel dünyalardan söhbət açır,bəziləridə cənnətlə cəhənnəmi təbliğ edərək insanın bu dünyadakı həyatının ,sadecə,sınaq dövrü olduğunu iddia edirlər. Yaxşı,insanlar əbədi həyatda öz yerini tutmaq üçün bu fani dünyaya yalnız sınanmaq üçün gəlirlərsə,körpə vaxtı ölüb gedənlər hansı sınaqdan keçirlər? Onların əbədi həyatdakı yerləri hansıdır? Birbaşa cənnətə düşürlər?...
Sosial şəbəkələrin hansındasa keramika yapışdırıcısının reklam videosu vardı. Keramika parçasını yapışqanın köməyi ilə divara yapışdırır,sonra çəkiclə vurub qoparmağa çalışırdılar. Çox bərk vururdular. Nəticədə keramikanın hər yeri parça-parça olub töküldü,divara yapışmış arxa səthi isə qopmadı ki qopmadı. Baxın,əslində,biz qızların sevgisi o yapışqana bənzəyir,sevdiyimizdən qopa bilmirik və qopanda da özümüz parçalanıb tökülürük. Ruhumuz ömürlük məhv olur....
Belə tanışlıqları heç sevmirdim. Yəni kiminsə öz qız tanışını oğlan tanışına "düzəltməsini" . Heç də yaxşı səslənmir,elə deyilmi? Mənim fikrimcə,bu məsələdə "düzəldən"şəxs daha çox öz mənafeyini güdür.