Uşaqlığımı keçirdiyim evə daxil olmaq bir qədər özünü itirmək kimidir. Elə bil çoxdan oxumağa başlayıb, sonra yarımçıq qoyduğum kitabın sonunu oxuyuram.
Çıxardığım nəticə də budur ki, bir azca diqqət etsən, elə bütün kişilərin az-çox eyni olduğunu görəcəksən. Bəziləri nəzakətli, ağıllı olur. Bəziləri az, ya çox lətafətli olmaqla başımızı aldada bilir. Amma əslində, onların hər biri öz qəzəbi içində boğulan balaca bədbəxt oğlanlardır. Hər zaman haqsızlıq hiss edirlər. Sanki haqqı olan şeyləri əllərindən alıblar. Heç kəs onları yetərincə sevməyib. Əlbəttə, kiminsə onları sevəcəyini gözləyirlər. Onlara təsəlli verməni, sakitləşdirməni, əmin etməni istəyirlər. Amma bu istədiklərini onlara vermək səhvdir. Onlar bunu qəbul edə bilmir. Ən çox ehtiyacı olan şeyi onlara verirsən, amma onlar qəbul edə bilmir. Axırda sənə nifrət etməyə başlayırlar. Buna son qoymaq olmur, çünki onların nifrətinin sonu yoxdur. Bədbəxtlik, üzrxahlıq, vədlər, sözünə dönüklük, bütün bunların miskinliyi heç vaxt bitmir.