Onun ruhu bir aləmdən başqa bir aləmə keçir:real dünyadan,real istəklərdən birdəfəlik ayrılaraq,ruh aləminə,ruhi arzular dünyasına adlayır.Bu kəskin dəyişmə,əlbəttə ki,onun xarakterində yeni yaranmış,əvvəllər olmayan xüsusiyyətlər deyildir,sadəcə olaraq,onda əvvəllər də mövcud olan,lakin bir növ gizli qalan,unudulmuş,sıxışdırılıb çıxarılmış,harayasa düşüncənin və ruhun alt qatlarına endirilmiş və orada ilişib qalmış duyğular və istəklərdir.Bu iki mahiyyətdən hansı əzəli,hansı isə uydurmadır?
Əlbəttə ki,Onun ipə-sapa yatmayan ehtirasları,çılğınlığı,ədalətsizliyi,davakarlığı və s bütün bunlar təbii ilkin mahiyyətin,zəmanənin mənəviyyatından irəli gələn xüsusiyyətlərdir.Sevmək,inanmaq,başqası naminə iztirab çəkmək-bunlar isə əzəlidir.Bütün qalanlar törəmədir,yalandır,qabıqdır.
Deməli onun məşəqqətlərdən keçən qəlbi yeni mahiyyət kəsb etmədi,öz əzəli mahiyyətinə qayıtdı,saflaşdı.Onda da o,əsl həqiqəti gördü,öz həyatının mənasını duydu.Amma bu özünəqayıdış demək olmaz ki,mütləqdir,dönməzdir.Deməli onun əqli və iradəsi yeni həqiqəti,məhəbbətdə və imanda tapdığı həqiqətdə bərqərar ola bilmir,şirnikmələr,çaşqınlıqlar,şübhələr daim qalır.