Ümumiyyətlə, fikir verirdim, bir çox gənclərimizin mübahisəyə meyilliliyinin kökündə bu məsələ dayanırdı; onlar nələrisə unutmaq, hansısa onları incidən düşüncə və dərdlərdən azad olmaq istəyirdilər Beləcə sosial şəbəkələrdə, tində-bucaqda, çayxanalarda uzun-uzadı, heç bitməyən mübahisələrə girişir, başlarını qatırdılar. Yəni çox vaxt onları iqtidar-müxalifət, sünni-şiə, ateist-dindar ve.s bu kimi müxtəlif qruplarda qarşı-qarşıya qoyan-intellekt daxili yanğı, maarifləndirmə istəyi deyildi. Sadaca məşğuliyyət! Bu tip mübahisələrdən yaxşı nə məşğuliyyət ola bilərdi ki? Tərkibində həm mübarizə var, həm yüksək təkəbbür var. Hələ agressiyanı boşaltmaq, qalib gəlmə şansını demirəm. Onlar belə kiçik qələbələrlə həyatdakı uğursuzluqlarını ört-basdır etməyə, unutmağa çalışırdılar.
"Ən güclü birlik eşq birliyidir! Ki,o da tənhaların birliyindən hasil olur! Məsələn,Məcnun ətrafında bütün varlığlara rəğmən,özünü tənha hiss edirdi deyə,bir başqa özünü tənha hiss edəni-Leylini istəyirdi.Məncə,eşq-tənhaların qovuşduğu bulaq başıdır."