Diksinərək yerimdən dik atıldım. Özümü əvvəlki kimi relslər üzərində gördüm. Yuxuya getdiyimi anladım. Qarşımda əlində süpürgə olan, relslərin təmizliyinə riayət edən hündürboy, yaşlı bir kişi dayanmışdı:
-Eşitmədin ,nə dedim ?! Dur buradan, keç o biri tərəfə. Mən buranı təmizləməliyəm.
-Məən ? Mən keçim? Haraa keçim? Anlamadım,- yarıyuxulu çaşqınlıqla soruşdum .
-Mən nə bilim?! Keç o biri relslərə . Burada o qədər rels var ki . Gərək elə bunun üzərinə uzanasan? Bura mənim sahəmdir. Səndən sonra buranı mən təmizləməli olacağam. Keçən dəfə də birinin relslərə yapışmış, dağılmış leşini buradan güclə təmizlədim. Ürətim ağzıma gəldi. Dur , dur! Tez ol! Sənə nə var ki, ölüb gedəcəksən, leşini mən yığışdırmalı olacağam. Heç bunu düşünmüsən? Eh… Necə də yalnız özünü düşünən, eqoist insansan.
Yerimdın qalxmağa məcbur oldum. Xidmətçi isə hələ də relslərə süpürərək deyinirdi.
-Elə bil sözləşiblər, iki həftə bundan əvvəl cavan qız, indi də bu …
Qalxandan sonra relslərin üzəri ilə asta-asta dayanacağa tərəf addımladım. Sahə xidmətçisi arxamca mızıldandı:
-Bu da ,deyəsən, yaşamağa bir bəhanə axtarırmış. Mən ona demədim ki , dur get. Dedim, başqa yerdə uzan. İntihar etməyə cürətin yoxdursa, bura niyə gəlirsən, ay axmaq? Bir qız qədər də olmadın!
Deyəsən , hərəkətim xidmətçiyə qəribə gəlmişdi. Halbuki, insanların düşünmədən danışmaları , bir-birilərinə qarşı qəribəlikləri daha qəribədir.