Ah, bilmirəm, bunu necə izah edim.. Danışmağa başlayıram–körpə qığıltısı çıxır. Nə qədər çətin imiş–hissələri, duyğuları kağızda, yaxud danışanda elə sözlərlə ifadə edəsən ki, eşidən, yaxud oxuyan da hər şeyi eynilə sənin kimi hiss etsin.
Mənə hadisənin özü deyil, hisslərin hadisəsi maraqlıdır.
Belə deyək–vaqiənin ruhu. Mənim üçün hisslər–reallıqdır. Bəs tarix? O–küçədədir. Kütlənin içindədir. İnanıram ki, bizim hər birimizdə tarixin bir parçası yaşayır. Hansımızdasa–yarım səhifəsi, o birində–iki-üç səhifəsi. Biz zaman kitabını birlikdə yazırıq. Hər kəs öz həqiqətini bağırır. Və bütün bunların hamısını eşitmək, bütün bunların içində ərimək və bütün bunlara çevrilmək lazımdır. Eyni zamanda da özün kimi qalmaq. Yoxa çıxmamaq.
"Mən Jana rast gələndə artıq tayımı itirmək qorxusunu üstləyərək bütövləşmişdim. Qadınların çoxu kimi, mən də tənha qalmaq qorxusunu sevgi ilə qarışıq salırdım. Bir dəfə Hindistandan olan bir rəfiqəm mənə dedi: "Bir gün gözlərindən sənə tanrı baxan insana rast gələcəksən". Elə də oldu. Bu, insanı ideallaşdırmaq deyil, həyatın qanununu anlamaqdır - ürək hər adamı seçmir, doğma, lazımlı olanı hiss edir".