Gah şəfəq tək düşürəm dağlara,
Yanğılı vulkan görürəm, qorxmuram
Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara,
Bir sürü aslan görürəm, qorxmuram
Məqbərəlikdə edirəm gah məkan,
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər.
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi
Harda müsəlman görürəm, qorxuram!.
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!...