Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var.
Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər stəkana öz həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac yoxdur. Xəstəxanalardakı lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı məhv olur. Onları tapmaq lazımdır. Onlarla dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə
gözəl edə bilərik ki, başqa canlılar özləri buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb bölüşdürməni başlayaq. Siz evlərinizi gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah alırsınız. Çünki həyat təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər.
Sizi öldürən bəlkə 10 il əvvəl sizdən kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o böyüyüb sizi öldürəcək.
İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür.
Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan
da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu hər an dəyişirdi..
Sənin gözlərin kordu.
Çünki görmək istəmirsən.
Sənin tanımadıqların sənə özgədir.
Sənin bilmədiklərin sənə yaddır.
Sən öyrəşdiklərindən iki əlli yapışırsan.
Sən anasına sarılmış uşaq kimisən.
Böyüməkdən qorxursan.