Çalışacağam ki, bunu bir qədər aydın izah edim: mən evlənmək fikrinə düşəndə sənə qarşı münasibətimdə indiyə qədər belə kəskin olmayan ziddiyyətlər yaranırdı. Əlbəttə, evlənmək tam azadlığa, müstəqilliyə ən yaxşı təminatdır. Ailəm olsaydı, zənnimcə, ən böyük nemətə sahib olardım, deməli, sənin qazandığın neməti mən də qazanmış olardım və bu da o demək idi ki, aramızdakı fərq silinirdi, o köhnə və təzə rüsvayçılıqlar da, zülmkarlıq da tarixə dönürdü... Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, inanılası deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil kimsə türməyə düşüb, qaçmaq istəyir, bəlkə də, qaça bilər, ancaq eyni zamanda da istəyir ki, bu türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər qaçarsa, düzəldə bilməz - düzəldərsə, qaça bilməz. Aramızda belə xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə bir iş görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın!