…Mənə nə asan başa gəlir? Qısa müddətə sizə öyrədilənləri unudun. Cəmiyyətin sizə dediklərinə əhəmiyyət verməyin. Başqalarının sizdən nə gözlədiyinə əhəmiyyət verməyin. Öz içinizə nəzər salıb soruşun:”Mənə nə təbii görünür? Mən özümü nə zaman öz yerimdə hiss etmişəm? Mən nə vaxt özümü olduğum kimi hiss etmişəm?” Heç bir daxili qiymətləndirmə və kiməsə yarınmaq olmasın. Heç bir fərziyyə və özünütənqid olmadan, yalnız iştirak və məmnunluq hissi. Özünüzü öz yerinizdə hiss edirsinizsə,deməli, düzgün istiqamətdə irəliləyirsiniz.
Bir sözlə, insan davranışının nəticələri nə qədər bariz, hiss olunan, dəqiq və sürətlidirsə, ona bir o qədər tez təsir göstərir. Onlar nə qədər qeyri-müəyyən, hiss olunmaz, qeyri-dəqiq və təxirə salınmışsa, davranışa təsirləri bir o qədər az olur.
Sonluğu xoş olan təcrübəni təkrarlamağa necə meyilliyiksə, sonu ağrılı bitən təcrübədən qaçmağa çalışacağıq. Ağrı təsirli müəllimdir. Səhvin ciddi nəticələri olsa, ondan qaçacağıq. Səhvin xüsusi bir zərəri yoxdursa, bizim üçün qorxulu deyil. Səhvin nəticələri nə qədər sürətli və təhlükəlidirsə, düzgün davranmağı öyrənməyə bir o qədər tez hazır oluruq. Mənfi geri bildirimdən çəkinən santexnik işini yaxşı görməyə çalışır. Müştərilərin qayıtmayacağı qorxusundan restoran onlara dadlı yeməklər təklif edir. Yanlış damarı kəsəcəyi qorxusundan cərrah insan anatomiyasını hərtərəfli öyrənir və ehtiyatlı davranır. Nəticələr qorxudanda insanlar tez öyrənirlər.
Bir qayda olaraq, pis vərdişin ani nəticəsi məmnunluqla müşayiət olunur. Amma son nəticə yaxşı heç nə vəd etmir. Yaxşı vərdişlərdə hər şey əksinədir: hazırkı nəticədə heç bir həzz yoxdur, amma əvəzində gələcək nəticə çox şey vəd edir. Fransız iqtisadçı Frederik Bastia bu məsələni dəqiq təsvir edib: “Demək olar, həmişə ani nəticə xoş olursa, daha sonrakı nəticələr dağıdıcı və əksinə olur… çox tez-tez vərdişin ilk bəhrəsi nə qədər şirindirsə, sonrakı bəhrəsi bir o qədər acıdır”.
Başqa sözlə, yaxşı vərdişlərin itkisi bu günə, pis vərdişlərin itkisi isə gələcəyə aiddir.