Ən nəhayət, bu, bir çox adama xas olan vaxtaşırı "söz deyib, ürək boşaltmaq" vərdişi, əsl, yaxud saxta iztirablara dözməkdə və onları unutmaqda insanlara bəzən kömək edən vərdiş kimi bir şeydi.
Martin indiyə qədər kitablardakı mücərrəd fikirlərdən bixəbər yaşamışdı, ona görə də onun beyni əkin üçün toxunulmamış xam bir yer, münbit bir torpaq idi. Elm onu yormamışdı və indi o, kitablardakı hikmətdən möhkəm yapışıb buraxmaq istəmirdi.