"Məni öldürməyən şey mənə güc verir" - xalis cəfəngiyyatdır. Ən azı müasir yozumu baxımından şitdir. Gündəlik həyatda əzab insanı gücləndirmir. Onu üzür. Kövrək edir. Taqətdən salır.
Yeniyetmələr sıxıntının məngənəsindən xilas olmaq üçün çarəsizlikdən özlərinə xətər yetirirlər. Onları nəfəs almağa qoymayan ağrını içlərindən qovmaq istəyirlər. Qoy qanasın. Kəsiklər onları xilas edəcək. Onlara həm çıxış yolu göstərəcək - fiziki ağrı mənəvi əzabların yerini tutacaq - həm də rahatlıq gətirəcək. Elə düşünürlər ki, onlara ruhi əzab verən psixi zəhər bu yaradan axan qanla birlikdə süzülüb gedəcək...