Alisa Hacıyeva

Alisa Hacıyeva
@_Sessiz_setir
Yazmaq mənim tək azadlığımdı...
Birini sevmək həm də həmin adamın xoşbəxtliyini sevməkdir Sevgi, təkcə ürəyin içində yanan alov deyil, başqasının gülüşündə öz sükunətini tapmaqdır. O, öz xoşbəxtliyindən daha çox, onun xoşbəxtliyini düşünməkdir. Sən gülsən, mənim içimdə günəş doğar. Sən ağlasan, mənim dünyam da qaralar. Sevgi sahib olmaq deyil, sevdiyini azad buraxmaq, yenə də qayıdacağına inanmaqdır. Sevgi gözlərindəki işığı qorumaq, həyatın hər fırtınasında onun əlini buraxmamaqdır. Bəzən insan sevgini sözlərlə deyil, sadəcə səssiz dua ilə yaşayar – “Allahım, qoy xoşbəxt olsun, mən olmasam da...” Çünki sevmək, özünü unutmaq qədər böyük, başqasını yaşatmaq qədər müqəddəsdir.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Hər kəsi qaldırdığım yerdə, özüm yıxıldım…
İçimdəki heç böyüməyən o balaca qıza yazıram bu sözləri… Bilirəm, çox qırılmışsan, çox üzgünsən. Böyümək istəmirsən, çünki uşaq vaxtını yaşamadın. Ona görə də yarım hiss edirsən özünü. Amma unutma, yazılan kitab əlimizdə deyildi… Dur ayağa. Sil gözlərindəki yaşı. Qoy qanasın dizlərin, aldırma. Qəbul elə – qəbul elə ki, olmayan şeylər, gerçəkləşməyən xəyallar artıq yandırmasın canını. Sil bütün tozlu güzgüləri, bircə gözlərinə bax. Nələr bacarmısan, onları xatırla. İcazə vermə səni kiminsə yıxmasına. Dur, qoy qanasın nə qədər lazımdırsa, ağla nə qədər istəyirsənsə… Amma sonra dur ayağa – daha sağlam, daha möhkəm. Mən səninləyəm. Bunu heç vaxt unutma. Mən həmişə sənin yanında olacam, nə olursa olsun. Sən mənimsən. 🌸
Qələmim sındı, taleyim yarım qaldı. Kağız üzərində izlərim silindi, amma içimdə yazılmamış sözlər qaldı. Məni də nəzərə al, çünki bu ömür mənimdir. Hər nəfəsimdə bir hekayə, hər baxışımda bir yol gizlidir. Mənim hekayəmi başqası deyil, mən yazmalıyam. Qara xətlər içində işığımı tapmalı, dağılan səhifələri yenidən toplamalıyam. Çünki həyat, mənim qələmimdən doğan bir kitabdır, taleyim də əlimdəki mürəkkəbin rəngindədir. Sındırdılar qələmi, amma sözlərimi sındıra bilmədilər. Mənim ömrüm — mənim yazım, mənim izimdir.
Xoşbəxtlik — sanki süsən çiçəyi… Gözlərin önündə rəngdən-rəngə girir, günəş işığında parıldayır, amma əlinə toxunan kimi titrəyib dağılır. Bəzən biz onu ovucumuza sığdırmaq istəyirik, amma o, sabun köpüyü kimi qaçır barmaqlarımızın arasından. Çünki xoşbəxtlik saxlamaq üçün deyil, yaşamaq üçündür. O, bir anın içindədir — bir gülüşdə, bir baxışda, yolda addımlayarkən duyulan küləkdə, yağışdan sonra qoxlanan torpaqda. Xoşbəxtlik möhkəm daş deyil, bir damla işıqdır. Onu qoruya bilən — onu incitmədən seyr etməyi bacarandır.