Yolçu hər səhər çay-çörəyindən sonra göyərtəyə çıxıb matroslara dilənçi kimi əl açır, pay istəyirdi. Bu və ya digər matros da ona gülə-gülə bir dəniz suxarısı verirdi. O da suxarını acgözlüklə qapıb, xəsis adam qızıla baxan kimi ona baxır, sonra da cəld qoynuna dürtüb gizlədirdi. Alimlər daha ehtiyatla davranmağa başladılar. Yolçunu tək və rahat qoydular. Lakin gizlincə gedib onun çarpayısını yoxladılar. Çarpayı suxarı ilə dolu idi. Döşəyin içinə belə suxarı doldurmuşdu. Kayutda olan bütün künc-bucaqlara, dərmə-deşiklərə də suxarı yığmışdı...
Yolçu tamamilə sağalmışdı. Ağlı da başındaydı. Amma, yemək vaxtı stol dalında oturanları görməyə gözü yox idi. Qorxurdu ki, yemək qurtaracaq. Anbardakı ərzağın miqdarı haqqında aşbaza, anbardara hey sual verirdi. Hətta kapitanın özündən də uzun-uzadı soruşurdu. Onlar da yolçunu hər dəfə inandırırdılar ki, anbarlarda tükənməz qida ehtiyatı var. Amma, o inana bilmirdi, şəxsən gedib anbara özü baxırdı ki, şeyləri gözü ilə görsün.
Gecəyə-gündüzə baxmırdı, elə hey yol gedirdi. Yıxılıb qaldığı yerdə dincəlir, canındakı sönməkdə olan həyat eşqi təzədən baş qaldırıb bir balaca alovlandıqda ayaqlarını dalıyca sürüməyə, yorulub əldən düşənə qədər irəliləməyə çalışırdı. İndi təkcə insan kimi nicat axtarmırdı, məhv olmaq istəməyən həyat onu qabağa qovurdu.
Yolçu giləmeyvənin adamı doydura bilməyəcəyini başa düşsə də, onları səbirlə, böyük bir ümidlə çeynəyirdi. Ümid başqa şeydir. O gördüyünə inanmır, idrakla hesablaşmır.