Aynur Əliyeva

Aynur Əliyeva
@aynureliyeva
İnsan ən çox hər gün gördüyü şeyə qarşı korlaşır. Çünki insan beyni ən böyük möcüzələri belə zamanla “adi” qəbul etməyə başlayır. Ən sevdiyin mahnını düşün. İlk dəfə dinləyəndə səni başqa bir yerə aparırdı. Hər sözü içində nəyəsə toxunurdu. İndi isə bəzən mahnının bitdiyini belə hiss etmirsən. Çünki öyrəşmisən. Və ən ağrılı tərəfi budur ki, bu korluq ən çox insan münasibətlərində özünü göstərir. Bizə dəyər verən insanları zamanla otaqdakı hava kimi qəbul edirik. Onlar var deyə rahat nəfəs alırıq, amma varlıqlarını hiss etmirik. Ta ki o hava dəyişənə qədər… Ta ki o insan səssizcə uzaqlaşana qədər… Nəfəs alanda havanın varlığını hiss etmədiyimiz kimi, bəzi insanları da yalnız yoxluqlarında hiss edirik. Və məhz o an anlayırıq ki, məsələ onların adi olması deyildi. Sadəcə biz baxa-baxa görməyi unutmuşduq.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
İnsan ən sonunda arzu etdiyi şeyi yox arzusunu sevər. Bəzən bir şeyin reallaşmasını o qədər hədsiz istəyirik ki, elə bilirik o baş versə, bütün boşluqlarımız dolacaq. Amma bəzən o arzu həyata keçmir. Maraqlısı budur ki, həyata keçməsə belə, o arzu bizdən bir parça olmağa, içimizdə yaşamağa davam edir. Hətta bəzən reallıqdan daha doğma gəlir bizə. Bunu bir insanı sevmək nümunəsində daha aydın görmək olar. Bəzən birini sevirik, bəlkə də heç qarşılıq almırıq, amma vazkeçə də bilmirik. Niyə? Çünki bir nöqtədən sonra artıq o insanı yox, ona qarşı bəslədiyimiz duyğuları sevməyə başlayırıq. O hissləri bəsləmək, o həyəcanı daxilimizdə yaşatmaq bizə o insanın özündən daha çox şey ifadə edir. Bəlkə də bu, özümüzü könüllü bir xəyala məhkum etməkdir. Amma daxili dünyamızda bu, bir sığınacaq rolunu oynayır. Niyə bu vəziyyətdən çıxa bilmirik? Cavab sadədir: Öyrəşdiyimiz o tanış boşluqdan ayrılmaq istəmirik. Bu hal bizə güvən verir. Artıq o duyğuya, o həsrətə və ya o yarımçıq qalmış arzuya o qədər alışmışıq ki, sanki ruhumuza qədər sinib. Naməlum bir xoşbəxtlikdən tərəddüd edib, tanıdığımız və bizə doğma gələn o kədərli sakitliyə sığınırıq. “Kaş ki"lər və "bəlkə"lərdən uzaq, daha gözəl günlər diləyirəm. Sevgilərimlə.. özünüzə diqqət edin.
Bəxtiyar Vahabzadənin dediyi kimi: “Neyləyirəm o ürəyi, bacarmırsa o sevməyi…” Bəzən elə bilirik ki, ən böyük ehtiyacımız sevilməkdir. Amma əslində ən böyük yoxsulluğumuz sevməyi bacarmamaqdır. Biz çox vaxt sevgini sözlərdə axtarırıq, halbuki sevgi ən səssiz davranışdır. O, bəzən sadəcə birini başa düşmək cəhdidir bir başqasının susqunluğunu dinləmək, görünməyən yorğunluğunu öz qabırğanın altında hiss etməkdir. Sevmək çətin deyil, sadəcə öz "mən"inin hüdudlarını aşa biləcək qədər cəsarət istəyir. Və biz bu cəsarəti itirdikcə, ürəklərimiz vitrin kimi dolu görünür, amma içində yaşanan heç nə qalmır. İnsan nəyi sevirsə, bir az da odur. Əgər sevməyi bacarmırıqsa, problem ürəyimizin yoxluğunda deyil, onu sevgisizliyə məhkum edib paslandırmağımızdadır. Çünki sevmək insan qalmağın yeganə yoludur. Həqiqətən sevib-sevilməyiniz diləyi ilə. Özünüzə yaxşı baxın. (28 aprel 2026)
Mark Tvenin "İnsan nədir?" kitabını oxuyanda bu cümlənin altından xətt çəkmişdim: "İnsan xameleondur; təbiətinin qanunu gərəyi sığındığı yerin rənginə bürünür. Ətrafındakı təsirlər onun seçimlərini, qorxularını, siyasi görüşlərini, zövqlərini, əxlaqını və inancını yaradır. Bunların heç birini özü yaratmır." Bu sözləri oxuyanda dayanıb ətrafıma baxdım. Peşəkar həyatda, universitetdə və ya gündəlik yaşayışımızda "mən beləyəm" dediyimiz xüsusiyyətlərin nə qədəri həqiqətən bizə məxsusdur? Yoxsa biz sadəcə içində olduğumuz qabın formasına və rənginə uyğunlaşırıq? Tven deyir ki, biz özümüzü yaratdığımızı sanırıq, amma əslində biz sadəcə ətrafımızdakı "rənglərin" cəmiyik. Əgər bu belədirsə, onda bizim tək həqiqi seçimimiz "hansı rənglərin arasında dayanacağımızı" seçməkdir. Yəni mühitimiz mütləq bizə təsir edəcəksə, o mühiti biz özümüz qurmalıyıq.

Aynur Əliyeva

, şu anda okuyor
%47 (110/232 syf.)
Fəxri Ağayev
7.5/10 · 1 okunma