Xloe mənə baxır, mən ona baxıram. Biz diqqətlə bir-birimizin gözünün içinı baxırıq. Nəsə baş verir. Həm də məsələ tatularda, qəhvədə, yaxud qarğıdalı lopalarında deyil. Hətta bütün bunlar olmasaydı belə, bu yenə də baş verəcəkdi. Bu bütün movcud labirintlərin yeganə mümkün çıxışı kimi bir şeydir. Hər nə olursa olsun, axırı Xloedə bitir.
Xloe mənə təəccüblə baxır, sonra yenidən qalxıb özü üçün qəhvə süzür. Dinməz-söyləməz əlini mənim fincanıma uzadır. Mən də bir söz demədən öz fincanımı ona verirəm və Xloenin ora necə qəhvə süzdüyünə baxıram. Xəyalımda minlərlə gələcək səhərlər canlanır və müxtəlif qəhvəbişirənləri və fincanları olan müxtəlif mətbəxlərdə Xloe hər dəfə mənimçün qəhvə süzür.
Çoxlu adamın gözünü zilləyib mənə baxmasına dözə bilmirəm. İnsanlar onlara kimsə baxanda danışa bilmirlər, mən isə hətta nəfəs almaqda da çətinlik çəkirəm.