Bu il nəşrə çıxacaq " O qadın mənəm " adlı kitabımdan..
Mən hər şeyi orta sevirəm.. Həyatın ortasında dayanmağı seçirəm məsələn, nə kiməsə həddindən artıq yaxınlaşıb özümü itirəcək qədər, nə də divarlar hörüb əlçatmaz olacağam qədər uzaqlaşıram. Çox yaxınlıq məni boğur, çox uzaqlıq isə soyudur. Mən aradakı o incə məsafəni sevirəm .. Nəfəs almağa imkan verən, amma bağları da qoparmayan məsafəni.. Hisslərimdə də belədir, münasibətlərimdə də, seçimlərimdə də. Nə sevərkən özümü unuduram, nə də sevməkdən qaçıram. Hər şey qərarında olanda özümü daha çox hiss edirəm. Qəhvəni orta şəkərli içməyim də təsadüf deyil, nə acılıq tam üstün olsun, nə də şirinlik həqiqi dadı gizlətsin. Mən həyatın dadını qarışdırmadan, olduğu kimi, amma balansla yaşamaq istəyirəm.. Nə çox, nə az.. Sakit, orta, amma dərin...
Gah inqilabçı arvadı olduğuna görə yerlərə vuruldu, gah qəhrəman arvadı olduğuna görə göylərə ucaldıldı, gah da kafir arvadı deyib əzildi... Amma heç vaxt sadəcə "Məsumə" ola bilmədi. "Mənim Payım" romanı bir qadının çiyinlərində daşıdığı dağ boyda yükün, fədakarlığın və cəmiyyətin amansızlığının hekayəsidir. 15 yaşlı bir qızın həyəcanı ilə vərəqləməyə başladığım bu kitabı, 50 yaşlı bir ananın yorğun və sınmış ruhu ilə tamamladım. Həyatın hər zərbəsindən sonra yenidən ayağa qalxmağı bacaran Məsumənin 30 illik ağrılı, amma bir o qədər də dərin hekayəsi uzun müddət ağlımdan çıxmayacaq. Sırf özü ola bilmək üçün vuruşan bütün qadınlara... ✨ Mənim Payım
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
“Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onun buxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi.” Nəhcül-Bəlağə ( 202- ci xütbə)
Mən ən ağır günlərimdə belə ağlamağı bacarmamışam. İçimdə sanki sözsüz bir fırtına qopub, hər şey dağılıb, amma o dağıntının səsi çölə çıxmayıb. Boğazımda düyünlənən hiss, sinəmdə sıxılan ağırlıq və nəfəsimə sığmayan kədər arasında ilişib qalmışam. Sanki duyğularım var gücü ilə danışmaq istəyib, amma səsim onlara yol verməyib. Və mən yalnız səssiz göz yaşlarımla anlamışam ki, insan bəzən ən çox ağlayanda belə görünmür, bəzən ən dərin ağrı səssizliyin içində gizlənir. Zaman keçdikcə başa düşdüm ki, bu səssizlik boşluq deyilmiş əksinə, içində dolub daşan, amma çıxış yolu tapmayan bir dünyanın öz diliymiş. Elə anlar var ki, insan nə danışa bilir, nə qışqıra bilir, nə də ağlaya bilir. Sadəcə dayanır və içində baş verənləri kənardan dinləyirmiş kimi olur. Sanki bədən yaşayır, amma ruh bir addım geri çəkilib öz ağrısını uzaqdan izləyir. Bəzən nəfəs alırsan, amma o nəfəs səni yüngülləşdirmir sadəcə vaxtı uzadır. Bəzən gözlərin dolur, amma damcılar düşmür sanki göz yaşları belə qərarsız qalır, hansı yolun azadlıq olduğunu bilmir. Və mən anladım ki, hər kədər özünü göstərmir. Bəziləri insanın içində kölgə kimi yaşayır, səssiz, amma daim orada. Mən çox vaxt elə bilmişəm ki, ağlamaq rahatlıqdır, amma bəzən ağlamaq belə olmur… və insan bu dəfə rahatlığı da itirir. Onda öyrənirsən ki, ən çətin ağrı görünən deyil, ən çətin ağrı hiss ediləndir. Amma ifadə edilə bilməyən. Və yenə də mən içimdə bir şeyi saxlamışam, bütün bu səssizliyin içində belə, mən hələ də hiss edirəm. Çünki hiss etmək bitməyibsə, demək insan da bitməyib. Sadəcə içində bir yer var ki, orada hər şey susub, amma yox olmayıb.
"Yaxşı kitabları oxumaq, keçmiş əsrlərin ən ağıllı, ən xeyirxah insanları ilə qarşı-qarşıya əyləşib, onların ən dərin düşüncələrini dinləmək kimidir. Bu, zaman sərhədlərini aşan elə bir sehrli dialoqdur ki, sənə əsrlər əvvəl yaşamış bir dühanın qəlbinə və ağlına toxunmaq şansı verir."
"PK" (film, 2014)
Sabahkı imtahana hazırlaşmaq əvəzinə göz yaşları içində, janrı komediya olan bir filmi - Aamir Khanın baş rolda olduğu “PK” filmini ikinci dəfə izlədim. Düşünürəm ki, “PK” hər insanın həyatında ən azı bir dəfə izləməli olduğu filmlərdəndir. Çünki film boyu sadə görünən, amma çox dərin məna daşıyan suallar vasitəsilə insanı öz həyatı, inancları və qəbul etdiyi həqiqətlər haqqında düşünməyə vadar edir. PK-ın məntiqli, lakin cəmiyyət üçün qəribə görünən suallarını eşidən insanlar ona hind dilində "Pee kay hai kya?" - yəni "Sərxoşsan?", "İçmisən?" - deyə müraciət edirlər. Hamının ona eyni şəkildə səsləndiyini görən yadplanetli isə bunun öz adı olduğunu zənn edir və özünü insanlara "PK" kimi təqdim etməyə başlayır. Filmin rejissoru bu qısaltma vasitəsilə incə bir ironiya qurur: cəmiyyətin kor-koranə qəbul etdiyi inancları və stereotipləri sorğulayan insan çox vaxt başqalarının gözündə ya "ağlı başında olmayan", ya da "sərxoş" biri kimi görünür. (Tövsiyədir. İzləsəniz, fikirlərinizi gözləyəcəyəm.)