Qumarbaz, Dostoyevskinin öz ruhunun ən zərif, ən dağınıq, ən ehtiraslı qatlarını oxucuya açdığı bir etirafdır. Hər sətrində aludəçilik var – yalnız qumara deyil, sevgiyə, hörmətə, qəbul olunmağa...Əsərin baş qəhrəmanı Aleksey – adi bir insan deyil. O, həm müəllimdir, həm sevdalı, həm də öz içində sürətlə çürüyən bir vicdan daşıyıcısı. Onun pulu yoxdur, amma arzuları böyükdür. Onun sevgisi var, amma qarşılıqsız. Və onun içində bir səssiz bağırtı var – rulet masasında hər döndüyü anda daha da böyüyən bir bağırtı: "Qazanacam!" Amma o qazanmaq istəyir ki, sevilsin, sevilmək üçün isə dəyərli olduğunu sübut etməlidir – pul qazanaraq. Dostoyevski, bu romanda təkcə qumar aludəçiliyindən bəhs etmir. O, insan psixologiyasının ən dərin çatlarını işıqlandırır. Qumar, yalnız bir vasitədir – insanın içindəki boşluğu doldurmaq üçün. Alekseyin gözlərindən biz bir insanın necə yavaş-yavaş öz nəfsinə məğlub olduğunu görürük. Amma onun məğlubiyyəti kənardan deyil – o, öz daxilində uduzur.
Polina... Soyuq, laqeyd, bəzən qəddar görünən bu qadın əslində Alekseyin aynasıdır. Onun sevilmək arzusu, güc axtarışı, özünə qapalı və dağınıq ruhu – Polinada təcəssüm edir. Onlar bir-birilərinə bağlana bilmirlər, çünki hər ikisi daxildə yaralıdır. Hər ikisi sevgini deyil, ehtirası izləyir. Hər ikisi azad olmaq istəyir, amma bir-birilərinin zəncirlərinə çevrilirlər.
Əsərin dili çox iti, çox canlıdır. Dostoyevski bizə o rulet masasını sanki göstərmir – yaşadır.Topun fırlanmasını eşidirik, nəfəsimizi tuturuq, tər içində qazanıb-qazanmayacağımızı gözləyirik. Amma Dostoyevski burada yenə də öz klassik sualını verir: İnsan nə üçün yaşayır? Pul üçünmü? Sevgimi? Qürur üçünmü?
Dostoyevski öz şəxsi əzablarını – qumara olan asılılığını, sevilmək ehtiyacını, acizlik hissini – bütün çılpaqlığı ilə oxucuya