İnsan özünü gəncliyin nəcib- xudpəsənd coşqunluqlarını söyləməkdən necə saxlaya bilər? Ancaq çox çox sonralar bu coşqunluqları xatırlayıb onlara, özünü saxlaya bilməyərək hələ açmamış bir çiçəyi qopardığına və sonra onu yerdə solmuş və tapdalanmış halda görürkən heyifsiləndiyin kimi heyifsilənirsən.
Nənəm bizimlə görüşürkən onun kədərləndiyini görmək qəlbimi sıxırdı; mən dərk edirdim ki, biz öz - özlüyümüzdə nənəm üçün heç bir şey deyilik, biz onun üçün yalnız bir xatirə kimi əzizik, mən hiss edirdim ki, yanaqlarımı qərq etdiyi hər bir öpüşdə yalnız bir fikir vardı: o, ( yəni anam ) yoxdur, o vəfat etmişdir, mən onu bir daha görməyəcəyəm.
Qaytarılmaz itkini canlı surətdə yadıma salıb anamın xatirəsini bir növ təhqir etmək qorxusu üzündən məni həyatın hər bir təzahüründən çəkinməyə vadar edən bütün şeylər gözlərimin qarşısında canlanırdı.
Anam haqqında danışmağa, anam üçün ağlamağa onların nə ixtiyarı vardı? Onlardan bəziləri bizim barəmizdə danışarkən bizi yetim adlandırırdılar. Təzə ərə getmiş bir qızı birinci dəfə madam adlandırmağa tələsdikləri kimi bu adı birinci olaraq bizə vermək , yəqin ki, onların xoşuna gəlirdi.