Puan vermedi·244 syf.··Beğendi
···Okunma: 06 Nisan 2021 18:40 Son günlər cəmiyyətimizdə intihar hadisələrinin sürətlə artması səbəbindən "Libraff" və "TeasPress" ortaq layihəyə imza ataraq məhz bu kitabı oxuculara hədiyyə olaraq təqdim etdi. Bu, olduqca düşüncəli və təqdirəlayiq addımdır. Ümid edirəm ki, kitabı əldə edən oxucular həqiqətən də psixoloji dəstəyə ehtiyacı olan oxucular olmuşdur və əminəm ki, burada yazılanlar bir gənci intihar fikrindən daşındıracaq, həyata tutunduracaq, yeni yaşam ruhu bağışlayacaq qədər böyük gücə malikdir. Ona görə ki, müəllif öz ağır xəstəlik və depressiya dönəminin çətinliklərini, keçirtdiyi ağrı hisslərini, onlara necə qalib gəldiyini, qazandığı təcrübələrini və s. detallı şəkildə oxucuları ilə bölüşüb.
Matt Haig 24 yaşında xərçəng xəstəliyi ilə mübarizəyə başlamış, uzun illər ərzində depressiyyadən əziyyət çəkmişdir. Bugün Matt'in 46 yaşı var, bir qız və bir oğul atasıdır. O, xəstəliyinə dərmanlarla, müalicələrlə yox, öz inamı, iradəsi, və ən əsası - sevgisi sayəsində qalib gəldi. Bəli, sevgi onu xilas etdi.
Həyatımın müəyyən bir hissəsində depressiv dönəm yaşadığım üçün kitab mənim çox yaxın dostum oldu deyə bilərəm. Hətta yazarı görməyi, onunla üz-üzə söhbət etməyi belə arzulayıram. Ona təşəkkür etmək, əzmkar mübarizəsinə heyran qaldığımı söyləmək istəyirəm. Övladlarını, xüsusən də Matt'in "Qurtarıcı mələyi" - xanımı Andrea'nı tanımaq istəyirəm.
Bu kitab ilə daha çox hansı janrda yazılan kitablara meyilli olduğumu da tapmış oldum. Bioqrafik, real həyat hekayəsi danışılan, şəxsi inkişaf, motivasiya tipli kitabları ayrı bir iştahla oxuyuram :)
"Həyatımızın mənasını sağlam olanda deyil, xəstələnib yatağa düşəndə anlayırıq. Sağalıb özümüzə gələndə hər şeyə yeni baxışla baxmaq lazımdır. Belə olduqda baxışımız aydınlaşır və əvvəllər görə bilmədiyimiz şeyləri daha yaxşı görməyə başlayırıq" - Bu hissə təkcə xəstəlikdən dönən insanlar üçün deyil, elə hər birimiz üçündür. Məsələn, karantin günlərini demək olar ki, bütün dünya yaşadı. Hazırda bu vəziyyət davam edir və onun sayəsində əlimizdə olanların qədrini indi bilir, fərqində olmadığımız bəzi kiçik xoşbəxtliklərimizi indi görə bilirik. Sən demə, sahib olduqlarımıza qane olub xoşbəxtliyimizi bunun üzərində qurmalıymışıq..
Kitabdan daha bir parça qeyd edərək təhlilimi bitirmək istəyirəm, sizlərə də bu gözəl kitabı oxumağınızı, depressiyadan və ya hər hansı xəstəlikdən əziyyət çəkən yaxınlarınıza bu kitabı tövsiyə etməyinizi məsləhət görürəm.
"Bir gün sevinc mütləq acılara qalib gələcək. Sən sevinc göz yaşlarına qərq olacaqsan. Əsl dostlar qazanacaqsan, indiyədək yemədiyin dadlı yeməkləri yeyəcəksən. Özünü atmağa hazırlaşdığın uçurumun dibindən deyil, qarşındakı gözəl mənzərəyə yuxarıdan baxacaqsan. Ruhunu zanginləşdirəcək kitabları hələ oxumamısan. Hələ ən böyük qutudan popkorn yeyə-yeyə təzə filmlərə baxmamısan, yorulana qədər rəqs edib, doya-doya sevişməmisən. Gecələr şirin söhbətlər edib, çənən ağrıyana qədər gülməmisən. Həyat səni gözləyir. Bəlkə də, olduğun yerdə donub qalmısan, amma narahat olma, dünya heç yerə qaçmır. Bacardığın qədər möhkəm ol. Bu firlanan dünya üzünü əvvəl-axır sənə sarı da çevirəcək. Gözləməyə dəyər. İnan ki, həyat yaşamağa dəyər".