·416 syf.··Beğendi
···Okunma: 21 Mayıs 2021 18:52 Madeline Milleri Circe ilə tanımış olsam da, onun ilk əsəri 2011-ci ildə qələmə aldığı, 2012-ci ildə Orange mükafatına layiq görülmüş `The Song of Achilles`dir. Circe məndə 2013-cü ildə təhsilini aldığım yunan mifologiyasına elə bir sevgi ilə geri qaytarmışdı ki, düşünmədən ilk kitabını da almışdım. Amma aradakı vaxtdan istifadə edərək yenidən yunan mifologiyasını daha dərindən oxumuşdum. Yunan mifologiyası hansı müəllifdən oxuduğunuza görə dəyişən, bir çox alternativi olan dünyadır. Madeline Miller isə öz dünyasının yaradır. Homerin Axillesi, Troyası və qəhrəmanları ilə Millerin dünyası kəskin olmasa da, təməl fərqləri özündə əks etdirir.
Miller Troya müharibəsinin 10 (on) il davam etməsinin səbəbini Axillesin Hektorla qarşılaşmasını uzadmaqda görür. (Kiçik qeyd)- Axilles yarı allahdır, anası dəniz nimfası, ilahsəi Thetis, atası isə kral Peleusdur. Thetisin gəncliyində 3 yaşlı öncəgör qadın tərəfindən `dünyaya gətirəcəyin oğul atasından daha güclü olacaq` kəhanəti Allahların ondan uzaq durması və fani kralla evlənib Axillesi dünyaya gətirməsi ilə nəticələnir. (Spoiler) Oğlunu ölümlü etmək üçün hər yola əl atan Thetisin, ən son topuğundan tutaraq Styx çayına salıb-çıxarır amma ifadə halına gəlmiş `Axillesin dabanı` bu əsərdə oxla vurularaq öldürüldüyü yer deyil. Kəhanətə görə Axilles iki seçim qarşısında qalır ya uzun amma kimsə tərəfindən tanınıb-xatırlanmadan yaşayacaq, ya da çox qısa amma dillərə dastan şöhrəti olacaq. Təbii ki, o şöhrəti seçir və `Aristos Achaion` (yunanların ən güclüsü) hesab edilir. Axilles öldükdən sonra bu adı Deidameiadan olan, anası Thetis tərəfindən böyüdülən Neoptolemos (yeni qəhrəman) (Phyrros-atəş, saçlarının rənginə görə) daşıyır. Kəhanətə görə Axilles Troyanın ən güclü sərkərdəsi, Priamın oğlu Hektoru öldürdükdən qısa müddət sonra öldürələcək.
Homerdən fərqli olaraq, Madeline Axillesi yaxın dostu (Millere görə sevgilisi) andlı, uşaq ikən səhvən digər uşağı öldürdüyü üçün sürgün şəhzadə Patroklosun gözündən oxuyuruq. Homer Axillesin nə qədər yarı allah tərəfini vurğulayırsa, Madeline də onun fani tərəflərini, vicdanını, dostluğunu, gəncliyini və uşaqlığını açıb bizə göstərir.
Bir digər fərqli məqam da Axilles öldükdən sonra oğlunun (özünün orduya qoşulması və Troyanın məhz onun iştirakı ilə almasıdır. Neoptolemos digər mənbələrdə isə Odisseyin təklifi ilə orduya qoşulur.
Miken kralı Aqamennon Axillesi təhqir edərək Breiseisi ondan alır və Axilles onun üzr istəməyincə bir daha vuruşmayacağına and içir və bu müddətdə Thetisin də yardımı ilə Troyalılar Yunanları məhv edir. Sonunda Patroklos Axillesi vuruşmağa razı sala bilməsə də, özü onun zirehi ilə döyüşə gedir (Spoiler- Bu müddətdə də yeni kəhanət gəlir- Myrmidon (Axillesin ordusu- qarışqa adam deməkdir)ların ən yaxşısı Hektordan(Axillesdən) öncə öləcək) Hektor Patroklosu öldürür. Homerdə Hektor öldürüb dəbilqəni çıxartdıqdan sonra Patroklos olduğunu və öz ölüm fərmanını imzaladığını bilir, amma Madelinedə bilərək öldürdüyünü qeyd edir. Thetisin yeni gətirdiyi (dəmirçilik allahı Hefaistosun hazırladığı) yeni zirehləri geyinən Axilles təbii ki Apollonun sevimlisi Hektoru öldürür.
Mənə görə oxunması həqiqətən çətin, emosional tərəfdən mən silkələyən hissə- Axilles vuruşmaqdan üz döndərdikdən sonra Patroklosun çəkdiyi əzablar (ən sevdiyi Patroklos olmasına rəğmən onun xətrinə də vuruşmadı), Axillesin sevgi yerinə nifrətlə anılmaması üçün özünü ölümə aparması, ölümündən sonra Axillesin kədəri, və ən sonda da adının xatirə daşına yazılanadək çəkdiyi əzablar idi.
Əsərin başından sonunadək Thetis ilə Patroklos bir-birini sevmir, hətta nifrət edir. Əslində ənənəvi münasibətdir, nə ana, nə də sevgili- Axillesi bir digəri ilə bölüşmək istəmir. Həm də Thetis onlar arasındakı münasibəti dəstəkləmir, şan-şöhrət üçün yaşayan Axillesə xələl gətirəcəyinə və bəsit bir ölümlü olduğu üçün Patroklosa daha dərin nifrət duyur. Amma əsərin sonunda Thetis ilə Patroklosu yenə də Axilles birləşdirir, və əzab içindəki Patroklosa yaxşılığı məhz Thetis edir. Bilmirəm bunu Thetisin katarsisi adlandırmaq olar ya yox.
Mənim üçün ən düşündürücü olan, Patroklos üçün verilən kəhanət idi. `Myrmidonların ən yaxşısı` ifadəsi məhz onun üçün işlədilmişdi. Bəllidir ki, Patroklos döyüşdə çox zəif, hətta uğursuz idi. Düzdür son döyüşündə, Axillesin zirehində çox böyük uğurlar qazanır. Amma əsər boyu biz onu gözəl qəlbi, həkimlik fəaliyyətinə görə sevirik. Yoxsa ən yaxşısı məhz onun xarakterik xüsusiyyətlərinə görə deyilib?
Çox uzun müddət idi ki, belə emosional və dərin duyğular keçirdiyim bir əsər oxumamışdım, yazacağım hələ çox şey var, amma bəsdir spoiler verdin dediyinizi eşidən kimiyəm, odur ki-
Xoş mütaliələr!