·456 syf.····Okunma: 10 Temmuz 2021 12:19 "Saklı Bahçeler Haritası" romanı ilə tanıdığım Nermin Yıldırımdan oxuduğum 2-ci kitab oldu. Ən sonuncu əsərini oxumağa məni həvəsləndirən şey həm yazıçının bir öncəki romanını çox bəyənməyim, həm də içimdəki Ev anlayışı ilə bağlı idi. Çünki mən özümü dərk etməyə başladığımdan bəri Ev anlayışımı bir mənaya sığdıra bilmirəm, yaşadığım çətinliklərdənmi, ya xarakterimin mürəkkəb və sorğulayıcı olmasındanmı, bilmirəm.
Yazıçı 11 günlük çıxdığı Portuqaliyanın Porto şəhərindən İspaniyaya qədər uzanan Camino de Santiago yolu ilə yazıb əsəri. Bu yol xristianların həcc yoludur, amma inancından asılı olmayaraq turistlərin bir növ meditasiyasıdır, çünki insanların əksəriyyəti özünə doğru mənəvi yol qət etmək niyəti ilə çıxır yola və xristianlıqdan öncə də buranın süd yolu ulduzlarının yerləşdiyi yer olduğuna inanılıb. Şəxsən özünün də çıxdığı yol olduğundan və yol yoldaşını da eynən əsər qəhrəmanı etdiyindən oxumaq xüsusilə zövqlü oldu. Yolda qarşısına çıxan müxtəlif insanlar, hər birinin fərqli hekayəsi və yola çıxma səbəbi. Oxuyanda düşündüm görəsən mən bu yola çıxsam, nəyə çatmağı hədəfləyərdim?
Kitab biraz da tapmaca kimiydi, yazıçı baş qəhrəmanın dərdinin nə olduğunu başlanğıcda verməmişdi, yol boyu həyatın zərbələrindən özünə sığınacaq quran qızın hekayəsinin fərqli mərhələlərini oxuyuruq. Rəylərdə bu cür yazılma üslubunu tənqid edən insanlar görmüşdüm, amma nə bilsinlər ki, insan özünü sorğulayanda düz yanaşa bilmir heçnəyə. Yaranın hansı tərəfinə baxsan, bir başqa yola çıxırsan, didiklədikcə yenisi yaranır sanki. Mənim həyat sorğulamalarım da bu şəkildə olduğu üçün başqasının ruhundakı ağrıların qarışıqlığını oxumaq məni yormadı. Ki, əminəm həyatı sorğulayan hər kəs özünə doğru yol almağa çalışanda düz düşünə bilmir, ya belə ya elə deyə mütləq çənbərin içində fırlanır durur.
Sonda nə Nermin (əsərin qəhrəmanı olaraq yox), nə də mən evimizi tapırıq, amma EV anlayışımıza bir xeyli yaxınlaşırıq. Amma bəlkə bir başqası oxuyanda evinə qovuşdu. Hər kəsin sığındığı, məna verdiyi və özəl hesab etdiyi şeylər tamamilə fərqlidir. Şəxsən mən öz adıma, bir müddətdir həzm etməyə çalışdığım bir çox problemlərimi kitabın bitişiylə tam udqundum desəm, mənə qatdığı ən böyük faydanı demiş olaram. Bir qadın olaraq kişi tərəfindən sevildiyimizdə özümüzlə bütün olacağımıza inandırılmışıq yaşadığımız cəmiyyətdə, halbuki o yolu təkbaşımıza, özümüzü sevərək fəth etməliyik, bu mesaj möhtəşəm idi.
Kitabda mənfi hesab etdiyim tək xüsusiyyət, türkcəsi bu qədər gözəl olan yazıçının ağrını israrla eyni kəlimələrlə ifadə etməsi idi. Bilmirəm bunu xüsusilə edib ya yox, amma hər dəfə iş dönüb ağrılara gələndə kırçıllı və kılçıklı sözlərini orda oxudum. Bəlkə doğma hesab etdiyindən, bəlkə o sözü daha çox yaraşdırdığından, amma ədəbi baxımdan bu cür təkrarlar yorucu ola bilir.
Digər baxımdan, davamlı klassik və modern klassik oxumağa ara verib müasir dövrdə yazılan kitablara da göz atmalı olduğumu bu kitabla anladım. Çünki klassiklər nə qədər dövr reallıqlarını hələ də özündə saxlamağı bacarsa da, texnologiya əsrinin insanı sürüklədiyi duyğu dəyişikliklərini yalnız müasir ədəbiyyatda analiz etmək mümkündür.
Zövq verici mütaliəydi, digər kitablarını da oxumağı düşünürəm.